MƏLUMATLARIN SİLİNMƏSİ ÜZRƏ TƏLİMAT

“Məlumatların silinməsi üzrə Təlimat” (bundan sonra – “Təlimat”) AIDA rəqəmsal köməkçisindən istifadə zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun (bundan sonra — “Aeroport”) nəzarətində saxlanılan məlumatların silinməsi ilə bağlı müraciətlərin təqdim edilməsi və icrası qaydasını müəyyən edir”

Bu Təlimat “airport.az” veb-saytının AIDA rəqəmsal köməkçisindən kənar digər xidmətləri çərçivəsində saxlanılan məlumatlara şamil edilmir.  

1. AIDA ilə əlaqəli məlumatların silinməsi

AIDA-dan istifadə üçün ayrıca istifadəçi hesabının yaradılması tələb olunmur. Bu səbəbdən istifadəçi “AIDA hesabının silinməsini” deyil, AIDA-ya daxil etdiyi və istifadə etdiyi rəqəmsal kanal identifikatoru ilə əlaqələndirilmiş məlumatların silinməsini tələb edə bilər.

2. Məlumatların silinməsi ilə bağlı müraciətin təqdim edilməsi

Məlumatların silinməsi ilə bağlı müraciətinizi aşağıdakı elektron poçt ünvanına göndərə bilərsiniz:  [email protected]

Mövzu: AIDA — Məlumatların silinməsi barədə müraciət

Müraciətinizdə məlumatların müəyyən edilməsi üçün zəruri olan aşağıdakı məlumatları qeyd etməyiniz xahiş olunur:

  • AIDA-dan istifadə etdiyiniz rəqəmsal kanal: WhatsApp və ya Telegram;  
  • həmin rəqəmsal kanalda AIDA ilə əlaqə üçün istifadə etdiyiniz identifikator:
  • WhatsApp üçün — telefon nömrəsi;  
  • Telegram üçün — istifadəçi identifikatoru məlum olduğu halda istifadəçi identifikatoru, məlum olmadığı halda isə istifadəçi adı; 
  • məlum olduğu halda AIDA ilə son yazışmanın təxmini tarixi və ya yazışmaların aparıldığı dövr;
  • AIDA ilə əlaqəli bütün məlumatların və ya yalnız müəyyən məlumatların silinməsini tələb etdiyiniz barədə məlumat.

3. Müraciətə daxil edilməməli məlumatlar

Məlumatların silinməsi ilə bağlı müraciətinizə aşağıdakı məlumatları əlavə etməyin:

  • WhatsApp, Telegram və ya digər platformalara giriş üçün istifadə olunan şifrələr və ya OTP/təsdiqləmə kodları;
  • bank kartı, bank hesabı və ya onlayn bankçılıq məlumatları;
  • Aeroport tərəfindən qanuni və əsaslandırılmış şəkildə ayrıca tələb edilmədiyi halda, ümumvətəndaş pasportunun və ya şəxsiyyət vəsiqəsinin tam surəti;
  • müraciətlə əlaqəsi olmayan xüsusi kateqoriyalı fərdi məlumatlar və digər məxfi məlumatlar.

AIDA və Aeroport məlumatların silinməsi ilə bağlı müraciətin yoxlanılması məqsədilə WhatsApp və ya Telegram şifrəsini, OTP/təsdiqləmə kodunu və ya bank məlumatlarını tələb etmir.

4. Müraciətin və şəxsiyyətin yoxlanılması

Başqa şəxsin məlumatlarının icazəsiz silinməsinin qarşısını almaq məqsədilə Aeroport müraciətin müvafiq məlumat subyekti və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildiyini yoxlaya bilər. Yoxlama məlumatların minimallaşdırılması prinsipinə uyğun olaraq həyata keçirilir və ilk növbədə 2-ci bölmədə qeyd olunan məlumatlardan istifadə edilir.     

Elektron poçt müraciətin qəbul edilməsi və ilkin identifikasiyanın aparılması üçün istifadə edilə bilər. Tətbiq olunan qanunvericiliyə əsasən hüququn həyata keçirilməsi üçün müraciətin müəyyən formada təqdim edilməsi və ya şəxsiyyətin ayrıca təsdiq edilməsi tələb olunduğu hallarda, Aeroport istifadəçidən yalnız həmin hüquqi tələbin yerinə yetirilməsi üçün zəruri olan addımı tamamlamağı xahiş edə bilər.

5. AIDA ilə əlaqəli silinə biləcək məlumatlar

Qanunvericiliyə əsasən saxlanılması tələb olunmayan və saxlanmasına artıq zərurət olmayan aşağıdakı məlumatlar qanunvericiliyə uyğun qaydada adsızlaşdırıla bilər

  • AIDA ilə yazışmalar;
  • Kanal identifikatoru ilə əlaqələndirilmiş texniki məlumatlar və yazışma metadatası (məsələn, mesajların göndərilmə və qəbul edilmə tarixləri və istifadə olunan kanal barədə məlumatlar);
  • aktiv uçuş izləmə abunəlikləri və uçuş bildirişləri ilə bağlı seçimlər;
  • istifadəçi ilə əlaqələndirilən və saxlanmasına artıq zərurət olmayan digər AIDA məlumatları.

6. Dərhal silinməyə bilən məlumatlar

Qanunvericiliyin tələbləri, informasiya təhlükəsizliyi insidentinin araşdırılması, audit öhdəlikləri, hüquqi tələblərin yerinə yetirilməsi və ya hüquqi iddianın irəli sürülməsi, həyata keçirilməsi və ya müdafiəsi müəyyən məlumatların saxlanmasını tələb etdiyi hallarda, həmin məlumatlar yalnız zəruri həcmdə və zəruri müddət ərzində saxlanıla bilər.

Qanunvericiliyə əsasən məlumatların saxlanılmasının səbəbi barədə istifadəçinin məlumatlandırılmasına icazə verildiyi hallarda istifadəçiyə bu barədə məlumat verilir.

7. Cavab müddəti

Məlumatların silinməsi ilə bağlı müraciətlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə baxılır və cavab verilir.

Müraciətin icrasından qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla imtina edildiyi halda, müraciətin daxil olduğu gündən etibarən 5 iş günü ərzində istifadəçiyə əsaslandırılmış cavab təqdim edilir.

Müraciətə cavab verilməsi müddəti məlumatların faktiki silinməsi müddətindən fərqli ola bilər. Məlumatların faktiki silinməsi üçün tələb olunan müddət müraciətin məzmunundan və qanunvericiliyə əsasən saxlanılması tələb olunan məlumatlardan asılıdır.

8. Silinmənin nəticəsi 

İstifadəçi məlumatların silinməsindən sonra AIDA-dan yenidən istifadə edərsə, sonrakı istifadə zamanı daxil edilən məlumatlar yenidən qeydə alına bilər.

9. WhatsApp və Telegram-da saxlanılan məlumatlar 

Bu Təlimat yalnız Aeroportun nəzarətində olan AIDA sistemində saxlanılan məlumatlara şamil edilir.

AIDA sistemində saxlanılan məlumatların silinməsi WhatsApp/Meta və ya Telegram platformalarının öz sistemlərində saxlanılan məlumatların avtomatik olaraq silinməsi demək deyil. Bu platformalarda saxlanılan məlumatların silinməsi və ya idarə olunması üçün müvafiq platformaların öz məxfilik və hesab alətlərindən istifadə edilməlidir.   

10. Müraciət nümunəsi

Mövzu: Məlumatların silinməsi barədə müraciət

AIDA-dan istifadə etdiyim rəqəmsal kanal: [WhatsApp / Telegram]
Kanal identifikatorum: [telefon nömrəsi / istifadəçi ID-si ]
Təxmini yazışma tarixi və ya dövrü: [tarix/dövr]
Xahişim: [AIDA ilə əlaqəli bütün məlumatlarımın / konkret məlumatların] silinməsi.

11. Əlaqə

Məlumat

Əlaqə

Məlumatların sİlİnməsİ

 [email protected]