Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
22 Yanvar 2026
“Lufthansa Group”un Azərbaycanda fəaliyyətinin 30 illiyi Bakı ilə Avropa və dünyanın aparıcı aviasiya mərkəzləri arasında qurulmuş strateji, davamlı və etibarlı tərəfdaşlığın əhəmiyyətli mərhələsidir.
1995-ci ildən etibarən “Lufthansa” Bakı istiqamətində müntəzəm uçuşlar həyata keçirərək Azərbaycanı Avropanın əsas hava nəqliyyatı qovşaqları ilə birbaşa əlaqələndirir. Bu müddət ərzində aviaşirkət Bakı–Frankfurt marşrutu üzrə minlərlə sərnişinə yüksək təhlükəsizlik, operativlik və xidmət keyfiyyəti standartları çərçivəsində uçuşlar təqdim edib.
“Lufthansa”nın Azərbaycan bazarında uzunmüddətli və stabil fəaliyyəti ölkənin beynəlxalq aviasiya sistemində mövqeyinin möhkəmlənməsinə, eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunun regional hub kimi rolunun güclənməsinə əhəmiyyətli töhfə verib.
Aviaşirkətin uçuş şəbəkəsi biznes, turizm və tranzit sərnişin axınlarının davamlı inkişafını dəstəkləməklə yanaşı, son 30 il ərzində Formula 1 Azərbaycan Qran-Prisi və COP29 kimi qlobal miqyaslı tədbirlər zamanı sərnişin daşımalarının fasiləsiz təmin olunmasında mühüm rol oynayıb. Bu əməkdaşlıq işgüzar və istirahət məqsədli səyahətlərin genişlənməsinə, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə və mobilliyin artmasına xidmət edib.
“Lufthansa Group”un Avropa, Yaxın Şərq və Afrika üzrə Kommersiya sahəsində vitse-prezidenti Culiya Hillenbrend qeyd edib: “Bakı bizim üçün sadəcə bir istiqamət deyil – bu, uzun illərə əsaslanan etibarlı tərəfdaşlığın göstəricisidir. Azərbaycandakı sərnişinlərimizin bizə göstərdiyi etimad “Lufthansa”nın bu bazarda davamlı mövcudluğunun əsasını təşkil edir.”
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə vurğulayıb: “ “Lufthansa” ilə 30 illik əməkdaşlıq Bakı aeroportunun beynəlxalq aviasiya şəbəkəsində etibarlı bağlantı nöqtəsi kimi mövqeyinin möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir. Bu tərəfdaşlıq yalnız bugünkü nəticələrlə məhdudlaşmır, eyni zamanda gələcək mərhələdə daha geniş marşrut imkanları və strateji inkişaf perspektivləri yaradır.”
Almaniyanın milli aviadaşıyıcısı hazırda həftədə 4 dəfə Bakı-Frankfrut- Bakı marşrutu üzrə uçuşlar həyata keçirir. 2026-cı ilin yay mövsümündə də Bakıya gündəlik birbaşa uçuşlarını davam etdirəcək.