Qəbələ Beynəlxalq Hava Limanından birbaşa Əbu-Dabi və Moskvaya aviareyslər açılır

12 İyun 2025

Qəbələ Beynəlxalq Hava Limanı müntəzəm beynəlxalq reyslərin istifadəyə verilməsi ilə uçuş coğrafiyasını genişləndirir və beynəlxalq aviasiya məkanında mövcudluğunu möhkəmləndirir.

2025-ci il iyunun 19-dan etibarən “Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabi – Qəbələ – Əbu-Dabi marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri icra olunacaq.

İyulun 1-dən etibarən isə “IrAero” aviaşirkəti Moskva (Domodedovo) – Qəbələ – Moskva (Domodedovo) marşrutu üzrə reyslərə başlayır. Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Yeni istiqamətlərin açılması hava limanı ilə aviaşirkətlər arasında koordinasiyalı əməkdaşlığın nəticəsidir. Bu addım hava nəqliyyatının inkişafı, beynəlxalq əlçatanlığın artırılması və regionun turizm potensialının genişləndirilməsi üzrə strateji kursun tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycanın regional hava limanlarında marşrut şəbəkəsinin daha da genişləndirilməsi istiqamətində işlər dövlətin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq inteqrasiya proqramı çərçivəsində davam etdirilir.