ACI World Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin sorğusu keçirir

24 İyul 2025

Heydər Əliyev Beynəlxalq Aeroportu, Beynəlxalq Hava Limanları Şurasının (ACI World) həyata keçirdiyi Airport Service Quality (ASQ) proqramına qoşulub. Bu proqram çərçivəsində 1-ci və 2-ci terminallarda sərnişinlər arasında xidmət keyfiyyəti və ümumi məmnunluq göstəricilərinin ölçülməsi məqsədilə sistemli sorğular keçirilir.

ASQ — dünyada sərnişin məmnuniyyətinin ölçülməsi və hava limanlarında xidmət keyfiyyətinin qlobal səviyyədə müqayisəli təhlili üçün ən qabaqcıl proqramlardan biridir. Proqram 110-dan çox ölkənin 400-dən artıq hava limanını əhatə edir.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda ASQ Gediş Proqramı (Departure Program) çərçivəsində sorğular həyata keçirilir. Bu sorğular uçuşdan əvvəl, sərnişinlərin terminalı tərk etməzdən öncə aparılır ki, bu da toplanan məlumatların aktuallığını və dəqiqliyini maksimum təmin edir.

2026-cı ilin ikinci yarısından etibarən isə ASQ Gəliş Proqramı (Arrival Program) çərçivəsində sorğuların keçirilməsi planlaşdırılır. Bu mərhələdə aeroporta daxil olan sərnişinlərin ilkin təəssüratları və xidmətlə bağlı müşahidələri qiymətləndiriləcək.

Sorğular aşağıdakı əsas sahələri əhatə edir:

· Qeydiyyat və təhlükəsizlik proseslərinin rahatlığı

· Təmizlik və sanitar şərait

· Terminal infrastrukturunun funksionallığı və ümumi rahatlıqlar

· Wi-Fi və digər rəqəmsal xidmətlər

· Ticarət və ictimai iaşə obyektləri

· Ümumi təəssürat və sərnişin məmnunluğu

“ASQ proqramında iştirakımızın məqsədi—xidmət standartlarını yüksəltmək, sərnişinlərin dəyişən gözləntilərinə çevik cavab vermək və müştəriyönümlü inkişaf strategiyası qurmaqdır,” – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

Sorğular ACI ASQ Training Centre tərəfindən sertifikatlaşdırılmış agentlər tərəfindən həyata keçirilir. Cavablar anonim şəkildə toplanır, respondentlərin məlumatlarının məxfiliyi və təhlükəsizliyi tam şəkildə təmin olunur.

Bu nəticələr hava limanında mövcud xidmət keyfiyyətinin qlobal və regional səviyyədə müqayisəli təhlili, təkmilləşdirmə tələb olunan sahələrin müəyyən edilməsi və proqram iştirakçıları ilə təcrübə mübadiləsi, həmçinin rəqəmsal transformasiya, sərnişin yönümlü xidmətlərin inkişafı və strateji qərarların daha əsaslı şəkildə qəbul olunması üçün baza rolunu oynayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportu artıq bir neçə ildir ki, regionun aparıcı hava limanlarından biri kimi tanınır. ASQ proqramında iştirak isə sərnişin təcrübəsinin daha da yüksəldilməsi və beynəlxalq xidmət standartlarına uyğunlaşma istiqamətində atılan növbəti mühüm addımdır.