Heydər Əliyev Beynəlxalq Aeroportu ACI tərəfindən keçirilən APEX in Safety yoxlamasını uğurla tamamladı

04 İyul 2025

Heydər Əliyev Beynəlxalq Aeroportu, 23–26 iyun 2025-ci il tarixlərində Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən həyata keçirilən Təhlükəsizlik üzrə APEX qiymətləndirmə proqramını (APEX in Safety) uğurla başa vurub.

APEX in Safety proqramı, hava limanlarında təhlükəsizlik səviyyəsinin artırılmasına yönəlmiş və beynəlxalq ekspertlər tərəfindən həyata keçirilən peşəkar qiymətləndirmə təşəbbüsüdür. Proqram çərçivəsində dünyanın aparıcı hava limanlarını təmsil edən mütəxəssislər hava limanlarında təhlükəsizlik idarəetməsi üzrə mövcud vəziyyəti beynəlxalq standartlar əsasında təhlil edirlər.

Dörd günlük audit zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizlik sahəsində mövcud prosedur və sistemləri, əməliyyatların təşkilinə yanaşma, infrastruktur vəziyyəti və ICAO standartlarına uyğunluq ətraflı şəkildə qiymətləndirilib. Qiymətləndirmə aşağıdakı əsas sahələri əhatə edib:

· Təhlükəsizlik idarəetmə sistemləri və sənədləşmə;

· Hava limanı əməliyyatları və prosedurları;

· Perron və sürmə yollarında əməliyyatlar, nişanlanma və işıqlandırma;

· Təyyarə dayanacaq zonalarının planlaşdırılması və təhlükəsizlik tələbləri;

· Xilasetmə və Yanğınsöndürmə xidmətlərinin (ARFF) hazırlıq səviyyəsi;

· Fövqəladə hallara hazırlıq və əlaqələndirmə planları.

Qeyd edək ki, qiymətləndirmə missiyasında Berlin Brandenburq, iGA İstanbul, Dubay Hava Limanları, Hamad Beynəlxalq, Malayziya Hava Limanları və Tirana Beynəlxalq Hava Limanı kimi nüfuzlu beynəlxalq hava limanlarını təmsil edən ekspertlər iştirak edib.