Heydər Əliyev Beynəlxalq Aeroportunda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

06 Noyabr 2025

Heydər Əliyev Beynəlxalq Aeroportunda Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” adlı fotosərgi ziyarətçilərin ixtiyarına verilib.

Sərgi 5–12 noyabr tarixlərində davam edəcək və ümumilikdə 25 fotodan ibarətdir. Ekspozisiya hava limanının 1-ci Terminalının gediş və gəliş zallarında yerləşdirilib.

Layihə britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan fotoşəkillər əsasında hazırlanıb. Məqsəd – işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə həm yerli ictimaiyyəti, həm də xarici qonaqları məlumatlandırmaq, dirçələn Qarabağın yeni simasını foto obyektiv vasitəsilə əyani şəkildə təqdim etməkdir.

Fotolarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və inkişaf layihələrinin miqyası, tarixi-mədəni irsin bərpası, sosial infrastrukturun yenilənməsi, eləcə də Qarabağın təbiəti, flora və faunası öz əksini tapıb.