“ResQtec” R2S sistemi üzrə növbəti praktiki təlim mərhələsi keçirilib

19 May 2026

Heydər Əliyev Beynəlxalq Aeroportunda hərəkət qabiliyyətini itirmiş hava gəmilərinin təxliyəsi üzrə növbəti praktiki təlim keçirilib.Təlim “ResQtec” şirkətinin “Rapid Recovery System (R2S)” texnologiyası əsasında təşkil olunub və ciddi zədələnmiş, öz təkərləri üzərində hərəkət edə bilməyən hava gəmilərinin təhlükəsiz təxliyəsi ilə bağlı əməliyyat prosedurlarını əhatə edib.

Bir və ya bir neçə şassi dayağının ciddi zədələnməsi və ya hava gəmisinin strukturundan ayrılması nəticəsində hava gəmisinin öz təkərləri üzərində hərəkət edə bilmədiyi hallar aviasiyada yüksək əməliyyat hazırlığı və xüsusi texniki yanaşma tələb edən mürəkkəb insidentlər hesab olunur.

“ResQtec” tərəfindən təqdim olunan R2S sistemi mürəkkəb əməliyyat şəraitində hava gəmisinin həm uçuş-enmə zolağına, həm də hava gəmisinin özünə əlavə zərər vermədən təhlükəsiz şəkildə təxliyəsinə imkan yaradır. Sistem yeni nəsil, iriölçülü hava gəmilərinin təhlükəsiz qaldırılması və təxliyəsi üçün hazırlanıb və beynəlxalq aviasiya praktikasında tətbiq olunan əməliyyat yanaşmalarına uyğundur.  

Qeyd edək ki, “ResQtec” şirkətinin “Rapid Recovery System (R2S)” texnologiyası daha əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun texniki infrastrukturuna inteqrasiya olunub. Bu istiqamətdə əməkdaşlar həm Çexiyada, həm də Bakıda keçirilən beynəlxalq təlim proqramlarında iştirak edərək praktiki hazırlıq keçiblər.